Uşaq cərrahiyyəsi həkimi olmaq üçün 6 il baza tibb təhsili sonrası ən az 5 il də rezidentura təhsili keçmək tələb olunur. İngiliscə buna “residency”, türkçədə isə uzmanlıq təhsili deyirlər. Bizim dilimizə hər nə qədər uzman və uzmanlıq kəliməsi daha tanış olsa da düşüncəmə görə ingilisdilli ölkələrin istifadə etdiyi “resident” sözü bu məfhumu daha yaxşı ifadə edir.
Residency-the fact of living in a place. Yəni bir yerdə yaşama faktıdır!
Bir uşaq cərrahı olmaq üçün həqiqətən böyük fədakarlıqlar verilməlidir. Məhz bu 5 ilin sonunda xəstəxanada yatıb, durub, oranı öz evindən çox mənimsəmiş, minlərlə əməliyyat etmiş və on minlərlə xəstə görmüş bir mütəxəssis olaraq yetişirsən. Bu hər ixtisas üçün belədir, ancaq uşaq cərrahiyyəsi üçün iş çox daha ciddi və məsuliyyətlidir. Çünki bir uşaq cərrahı uşaqların ürək, beyin və sümük-oynaq sistemləri xaric demək olar ki, bütün sistemlərinin cərrahi əməliyyatı ilə məşğul olur. Təsir dairəmizin məhz bu qədər geniş olmağı bizi sövq edir ki, ya bu işdə çox ciddi əmək serf edəsən ya da dar bir sahədə ixtisaslaşasan. Uşaq cərrahı olaraq fəaliyyət göstərən həkimlər arasında məhz bu səbəbdəndir ki, sayıca çox uşaq cərrahı olsa da ağır əməliyyatları edən məsləkdaşlarımız dünyanın hər yerində bu sayının az hissəsini təşkil edir.
0-18 yaş aralığındakı uşaqların cərrahi xəstəliklərini müalicə edən uşaq cərrahları dünyada 3 kateqoriyada xidmət göstərməkdədirlər. Ölkəmizdə xəstəxanalar hələ rəsmi şəkildə bölünməsələr də dünya praktikasına nəzər salarsaq I, II və III səviyyəli xəstəxanalarda uşaq cərrahlarının xidmət sahəsi məhdudlaşdırılmışdır. Məhz ağır və çox məsuliyyətli xəstəliklərin III dərəcəli mərkəzlərdə və çoxşaxəli (multidisipliner) mütəxəssislərin toplaşdığı xəstəxanalarda müalicə edilməsi lazım olduğunu xarici məqalələrin əsas cümləsi olaraq vurğulandığını xatırlamaya bilmirik.
Yenidoğulmuş uşaqların cərrahi xəstəliklərinden başlayaraq 18 yaşa qədər uşaqları əməliyyat edirik dedik amma bəzən uşaqlar hələ doğulmadan əvvəl onların valideynləri ilə konsultasiyalar həyata keçiririk. Məsələn #diafraqmayırtığı və #sakrokoksigealteratoma, #yumurtalıqkistaları kimi xəstəliklərin misalında deyə bilərəm ki, uşaq hələ doğulmadan əvvəl onun nə zaman əməliyyat olunacağının və doğulduqdan sonra hansı əməliyyatı edəcəyimizi ailələr ilə planlaşdırırıq.
― Niyə uşaqları uşaq cərrahiyyəsi üzrə ixtisaslaşmış həkimlər əməliyyat etməlidir?
―III səviyyə xəstəxanalar hansılardır? Niyə bəzi uşaq xəstəlikləri III səviyyə xəstəxanalarda əməliyyat olmalıdır?
― Multidisiplinar (çoxşaxəli) yanaşma nədir?
Bu mövzunu növbəti blog yazımızda paylaşacağıq.
Bir cavab yazın