____Her yenidoğulmuş uşaq adətən bir sarılıq periodundan keçər. Buna fiziolojik sarılıq adı verirlər, çünki adətən 7-10 gün ərzində uşaqların qidalanması ilə bir müalicəyə lazım qalmadan bu sarılıq qandan öz-özünə təmizlənir. Bəzən fiziolojik sarılıq dəyərləri çox yüksəlib patolojik dəyərlərə yüksəlir və fototerapiya deyilən müalicə metodu ilə neonatoloqlar tərəfindən müalicə olunur. Sarılıq müddəti 2 həftədən uzun çəkərsə uzanmış sarılıq adlanar və uzanmış sarılıq ciddi xəstəliklərin xəbərdarçısı ola bilər deyə bu məsələyə ayrı bir həssaslıqla yanaşılmalıdır. 14 günü keçmiş sarılıqlar bəsit bir sidik yolu infeksiyasından tutmuş, ağır metabolik xəstəliklərə qədər geniş bir xəstəlik spektrumun simptomu ola bilər. Bəzən isə sadəcə ana südü sarılığı diaqnozu da qoyula bilər və heçbir müalicə lazım olmadan öz özünə keçməsi gözlənilər. Bunun üçün pediatrınız sizi məlumatlandıracaqdır.
Uzanmış sarılıqların cərrahları maraqlandıran ən əhəmiyyətli səbəbi -biliyar atreziya xəstəliyidir. Bu tək cərrahları deyil həm də pediatrları maraqlandıran bir xəstəlikdir. Çünki bu xəstəlikdə zamana qarşı savaşırıq. Əgər 2 ayına qədər, daha doğrusu 60 gününə qədər bu xəstəliyə diaqnoz qoya biliriksə Kassai adlı bir əməliyyatla uşağı xilas etməmiz mümkündür. Sırf buna görə uzanmış sarılığı olan yenidoğanlardan total bilirubinin yanında mütləq direkt bilirubin də istənməsi lazım olduğunu hər zaman qeyd edirik.
Biliyar atreziya öd yollarının gedərək tıxanması ilə xarakterizə bir cərrahi xəstəlikdir. Bu xəstəlikdə qaraciyərdə istehsal olunan öd 12 barmaq bağırsağa tökülə bilmədiyi üçün qaraciyərə geridönməz xəsarət verə bilər. Qaraciyər sirrozu 3 aydan sonra başlayar və uşaq 6-cı ayına qədər qaraciyər çatışmazlığına girər.
Adətən bu xəstələr normal kiloda doğular, normal qidalanar. Normal nəcisini edərlər. Günlər keçdikcə uşağın sarılığı əmələ gələr və nəcis rəngində dəyişiklik olmağa başlayar.


Nəcisin tünd yaşıl, açıq yaşıl və yumurta sarısı kimi normal saydığımız rəngi gedərək daha açıq və boz bir rəng alar(pişik nəcisi kimi). Erkən diaqnoz qoyulan xəstələrdə Kassai əməliyyatı ilə uğur qazanma şansı ilk 1 ayda (75%), ilk iki ayda 50% dir. Buna görə bölgələrdə və mərkəzi xəstəxanalarda uzanmış sarılığa bu gözlə də baxılmalı və hər uzanmış sarılıqda biliyar atreziya olmadığından əmin olunmalıdır. Yalnız bu şəkildə bu xəstələrə erkən diaqnoz qoyula bilər. Təəssüflər olsun ki, ölkəmizdə bu xəstələrin diaqnozu müxtəlif səbəblərdən gecikir. Bu zaman xəstələr Kassai əməliyyatı ya ola bilmir ya da olsa da fayda görmürlər. Qaraciyər transplantasiyası namizədi olur ya da tələf olurlar. Təkrar vurğulamadqa fayda vardır ki, bu xəstəlikdə erkən diaqnoz çox çox əhəmiyyətlidir.