Yenidoğulmuş uşaqlarda hidrosel
Tbbi deyimlə non-kommunikan hidrosel
Hidrosel yenidoğulmuş oğlan uşaqlarında çox gördüyümüz bir haldır. Təxminən 100 yenidoğandan 10-15% də görülür. Hidrosel zamanı xayanın birinin və ya hər ikisinin ətrafında su toplanır. Adətən uşaq doğulanda bu şişlik ilə doğulur.
Hidrosel niyə yaranır?
Xayalar ana bətnində qarında əmələ gələr və xayalığa doğru köç edər. Bu köçdə qarın içi zarın bir çıxıntısı olan processus vaginalis də iştirak edər. Xayalar endikdən sonra bu zar tam bağlanmadığı üçün qarın içi maye xayalıqda toplanar. Yenidoğulmuş uşaqlarda qarın içi maye xayalığa axandan sonra adətən zar bağlandığı üçün maye xayalıqda həbs olub qalır. Bu mayenin vücud tərəfindən sorulmasını gözləyirik.
Diaqnoz necə qoyulur?
Diaqnoz adətən fiziki müayinə ilə qoyulur. Yəni uşağı müayinəyə gətirirsiz və əllə müayinə edərək diaqnoz qoyuruq. Xayalığa tutduğumuz bir işıq ilə mayeni görə bilirik. Bəzən ultrasəs müayinəsi istəyə bilərik.

Yenidoğulmuş uşağımın hidroselinə müalicə lazımdır?
Adətən ilk 12-18 ayına qədər bu hidrosellərin gedərək kiçildiyini gördüyümüz üçün gözləmə mövqeyində oluruq. Bəzən bu hidrosellərə kompresslər edənlər, şpris ilə mayeni çəkənlər ola bildiyi üçün valideynləri məlumatlandırmaq lazımdır ki, bunlar uşağınıza zərər vərə bilər. Bu tövsiyyələrə etibar etməyin və uşağınızı bir uşaq cərrahının izləmində saxlayın.
Uşaqlarda hidrosel və əməliyyat!
Yenidoğulmuşlarda hidroseldən bəhs etdim. İndi isə hansı uşaqları əməliyyat etdiyimizdən bəhs edəcəyəm. Uşağınız yeriməyə başladıqda (adətən 2 yaşdan sonra) hiss edə bilərsiniz ki, uşağın xayalığının biri digərindən böyükdür. Uşaq yatdığı zaman bu xayalıq kiçilir, ayaqüstə qaçıb oynadığı zaman isə xayalıq şişir və maye toplanır. Belə biz vəziyyətdən şübhə etdiyiniz zaman uşağınızı bir uşaq cərrahına müayinəyə aparmalısınız. Həkiminiz uşağı əllə müayinə edəcək və mayenin yavaşca sıxıldığında yox olduğunu və ya azaldığını sizə göstərəcəkdir. Bu xayalığa toplanmış mayenin qarına geri göndəriləbildiyinə bir işarədir. Bu xəstəliyin tibbi adı kommunikan hidrosel dir.
Kommunikan hidrosel diaqnozu qoyulan xəstələrdə kiçik bir əməliyyat ilə processus vaginalisi bağlayaraq əməliyyat edirik. Bu xəstələri əməliyyatdan sonra eyni gün içində evə göndərə bilirik.