Kriptorxizm-Enməmiş Xaya

Enməmiş xaya –  Kriptorxizm
 
Enməmiş xaya – xayalardan birinin və ya hər ikisinin xayalığa enməməsidir.
Ən çox görülən genital sistem anomaliyasıdır. Vaxtında doğulan hər 100 uşaqdan 3-ündə enməmiş xaya görülməkdədir. Əgər oğlunuz vaxtından əvvəl doğulubsa enməmiş xaya 10 dəfə daha çox görülə bilər.
Normalda  doğumun son həftələrinə doğru xayalar xayalığa enməlidir. İlk öncə sol xaya, daha sonra isə sağ xaya enər. Kriptorxizmin daha çox sağ tərəfdə görülmə səbəbi də budur. Xayalar qarında yaranıb əvvəlcə qasığa, daha sonra isə xayalığa endiyi üçün bu yolun hər hasnı bir yerində müxtəlif faktorların səbəbindən xaya enməsi ləngiyə bilər. Oğlunuz doğulduqdan sonra pediatr həkiminiz sizə xayalarının enib enməməsi haqqında məlumat verəcəkdir. Əgər doğum sonrası xayalardan biri və ya hər ikisi enməyibsə mütləq bir uşaq cərrahının vəya uşaq uroloqunun  izləmində olmalısınız. Çünki uşaqlar doğulduqdan sonra xayalar 6 ay ərzində öz-özünə enə bilər. Altıncı aydan sonra xaya enməyibsə gözləməyin yeri olmadığı elmi olaraq sübut olunmuşdur.
Rəsmi qaynaq: Management of undescended testes: European association of urology/European society for paediatric urology guidelines

Enməmiş xayanın hansı ağırlaşmaları sübut edilmişdir:

  • Xaya xərçəngi riskində artış
  • Sperm keyfiyyətində azalma nəticəsində sonsuzluq problemi
  • Xayalığın boş olması səbəbi ilə kosmetik narahatçılıq hissi
  • Xayanın öz oxu ətrafında burulub qanqrenaya getməsi
  • Travma məruziyyətinin daha çox olması

Enməmiş testis diaqnozu bir uşaq cərrahının fiziki müayinəsi – yəni əllə müayinəsi ilə qoyulmalıdır. Bəzən biz əllə müayinədən sonra xaya ölçülərini dəyərləndirmək üçün ultrasəs müayinəsi istəyə bilərik. Amma ultrasəs vasitəsi ilə kriptorxizm diaqnozu qoyulmaz. Çünki soyuq ultrasəs probu ilə müayinədə normal xaya da qasığa qaça bilər və yanlışlıqla enməmiş xaya diaqnozu qoyula bilər. (Retraktil xaya mövzusunda oxu)
Bəzən xaya heç ələ gəlməyə bilər və ultrasəs müayinəsində də görülməyə bilər. Bu zaman sizə həkiminiz tərəfindən diaqnostik laparoskopiya tövsiyyə edilə bilər. MRT və ya KT çəkdirməyin diaqnostokada yeri yoxdur!
 


Enməmiş xayanın hormonal iynə müalicəsi ilə bağlı dünya nə deyir?
İlk öncə bunu qeyd etməkdə fayda vardır ki, mənim yazdığım hər cümlə və etdiyim hər əməliyyat sübutu olan və əsaslandırılmış, qaynağı olan tibbi təcrübə protoku üzrə icra edilir. Hormonal müalicəyə gəldikdə qeyd etməliyəm ki, keçmişdə də günümüzdə də bunu müalicənin bir hissəsi olaraq istifadə edən həkimlər vardır. Ancaq hormon iynəsi ilə aparılmış müalicələrin nəticəsini göstərən məqalələr və çalışmalar keyfiyyət baxımından hər zaman mübahisə doğurmuşdur. Nəticəsi ən keyfiyyətli elmi məqalələrdə sübutunu tapmamış istənilən müalicə taktikasını xəstələrim üzərində icra etməkdən yayınan bir həkim olaraq  hormonal müalicəni praktikamda istifadə etmədiyimi bildirmək istəyirəm.

Əməliyyat – orxiopeksiya
Əməliyyat 6-18 aylar arasında edilir. Əməliyyat xayanın yerləşmə yerinə görə açıq və ya qapalı (laparoskopik) yolla edilir. Buna sizin həkiminiz qərar verəcəkdir. Əməliyyat çox ağır bir əməliyyat deyil, amma çox incə bir əməliyyatdır. Xayanın damarları və sperm daşıyan kanala zədə vurmadan əməliyyatı etmək əməliyyatın əsasını təşkil edir. Nadir hallarda iki mərhələli əməliyyat ola bilər.
Əməliyyat sonrasında uşaq bir gecə palatada anası ilə birlikdə gecələyir və ya eyni gün içində evə göndərilə bilir. Enməmiş xaya əməliyyatı etdiyimiz uşaqları əvvəlcə aylıq daha sonra isə 3-6 aylıq aralıqlarla kontrol müayinələrə çağırırıq.

Salam!