Uşaqlarda Xaya Xəstəlikləri

Uşaqlarda xaya xəstəlikləri deyəndə ağıla ilk gələn enməyən xayadır. Enməmiş xaya uşaqlarda doğumsal genital sistem xəstəlikləri arasında ən çox gördüyümüzdür. Başqa bir adla bu xəstəlik kriptorxizm adlanır. Bu xəstəlikdə xaya ya qarında ya qasıqda və s. yerdə ola bilər. Retraktil və asendan testis kimi özəl durumlar da vardır. Enməmiş xayanın müalicəsi əməliyyat vasitəsi ilə edilir. Uşaq doğulduqdan sonra diaqnozu qoyulmalıdır və 6 aya qədər aralıqlı olaraq müayinə edilməlidir. Altıncı aydan sonra xaya hələ də xayalığa enməyibsə gecikdirilmədən əməliyyat edilməlidir. (Enməmiş xaya xəstəlikləri bölümündə oxuya bilərsiniz).

Xayalığın şiş, ağrılı və qızarıq olmasına “kəskin skrotum” deyilir. Bu normal bir durum olmayıb, təcili həkimə müraciət edilməlidir. Anidən başlayan bu simptomlar xaya burulması (testis torsiyonu) əlamətləri ola bilər. Əgər gecikdirilərsə xayanın itirilməsi baş verə bilər. Ağrı, şişlik və qızarıqlıq sadəcə testis torsiyonunda olmayıb basqa xaya xəstəliklərində də ola biləcəyi üçün uşağı təcili bir mütəxəssisə müayinə etdirmək lazımdır. Uşaqlarda xaya burulmasını ən çox yeniyetməlik dövründə və yenidoğulmuş zamanında görürük.
Apendiks testis torsiyonu (ATT) uşaqlarda kəskin skrotum səbəblərindən biridir. ATT zamanı ağrı, qızarıqlıq, ödem ola bilər. Amma bu testis burulmasına nəzərən daha yüngül seyr edir. “blue dot sign” dediyimiz kiçik bir tünd rəngli görüntü xayalıq dərisindən görülə də bilər. Bu burulmuş və qaralmış ATT- dir. Diaqnoz klinik bilgi,müayinə və ultrasəs müayinəsi ilə rahat qoyula bilər. Adətən əməliyyat etmədən uyğun müalicə verilərək sağalır. Bəzən isə uşağın ağrıya dözə bilməməsi, şikayətlərin davam etməsi durumunda kiçik bir kəsi ilə ATT aradan qaldırıla və simptomlar dramatik şəkildə geriləyə bilər. Amma əməliyyat bu durumda prioritet olmamalıdır.

Epididitmit,epididimo- orxit

Epididimit daha çox həddi buluğa çatma yaşlarında görülən epididimin iltihabi xəstəliyidir. Həddi buluğ yaşına çatmayan uşaqlarda təkrarlayan epididimit olarsa araşdırılmasında fayda vardır. Epididimitin sidik yolları infeksiyası ilə yanaşı getdiyi hallarda isə uşağın yaşı nə olursa olsun sidik yollarında bir anomaliya baxımından araşdırılması vacibdir.

Orxit – xayanın iltihabıdır. Adətən epididimit ilə birlikdə görülür. Sadəcə xayanın iltihabı zamanı infeksiya epididimdən keçməyəcəyi üçün qan vasitəsi ilə vücudun başqa yerində bakteriyanın xayaya yayılması düşünülə bilər (brüselyoz,qulaqdibi infeksiyası və s).
 
Akut idiyopatik skrotal ödem
Bəzən xaya dərisi (skrotum) şişər, qızarar ancaq ağrılı olmaz. Səbəbi bəlli deyil. Buna akut idiyopatik skrotal ödem deyilir. Allergik bir duruma bağlı olduğu düşünülməkdədir. Əhəmiyyəti xaya burulmasından ayırabilmənin vacibliyindədir.
 
Henoch-Schönlein purpurası adlanan bir vasulit xəstəliyində də xayada şişlik və ağrı ola bilər. Sadəcə mövcud xəstəəliyə bağlı bir simptommu, yoxsa yanaşı gedən xaya burulması mı var suallarına cavab vermək təcrübəli mütəxəssisi belə bəzən çaşdıra bilər.
 
Qasıq yırtığının boğulması da xayanın qan dövranının pozulmasına səbəb ola bilər (bax- qasıq yırtığı bölümündə).

Xaya travması adətən velosiped qəzaları nəticəsində yaranır. Kiçik travmalar öz-özünə sağala bilər və ya bir neçə gün sonra travmatik epididimit səbəbi ilə həkimə müraciət edilə bilər. Daha ciddi travmalarda skrotum içində hematom yarana bilər. Xayada yırtıq, artan hematoma, xayanın üzərini örtən qişanın yırtılması hallarında əməliyyat edilməlidir. Xaya travması zamanı xaya burulması da ola biləcəyi kimi hematoma bağlı xaya qan dövranında pozulma məsələləri də mümkündür və təcrübəli cərrahın yaxın izləm və təcübəsi əsasında qərar verilməlidir.

Hidrosel – yenidoğulmuşlarda çox görülür. Non-kommunikan hidrosel adlanır. Bu zaman  qarın ilə əlaqəsi olan bir kanal mövcud deyildir. Adətən təkrarlayan müayinələr sonrasında 18 ayına qədər sorulmasını gözləyərik. Yeriməyə başlayan uşaqlarda isə xayada su toplanması qarın ilə bir kanal vasitəsi ilə əlaqəli olur. Bu xəstəlik kommunikan hidrosel adlanır və bu zaman əməliyyat edilməlidir.
Bəzən valideynlər qasıqda anidən şişlik görüb uşaqlarını müayinəyə gətirərlər. Bu şişlik içi su ilə dolu bir kist olduğu zaman – kord kisti və ya spermatosel adlanır. İçi dolu maye olan kist hərəkətli olar amma maye nə qarına nə də xayalığıa boşala bilməz. Uyğun müalicə verib öz özünə keçməsi üçün zaman tanıyırıq. Əksi halda isə əməliyyat edirik.
 
Varikosel – xaya damarlarının genişləməsidir, daha çox sol tərəfdə olur. III dərəcə varikosellər əməliyyat edilməlidir. Müasir metodla mikroskoplə əməliyyat edilməlidir. Sadəcə venaları tek tek bağlamaq və arterləri və limfa damarlarını zədələməmək əməliyyatın incə nüanslarındandır.
 
Xayada ağrısız və ələgələn şişlər olduğu hallarda isə zaman itirmədən həkim müayinəsinə getmək tövsiyyə edilir. Uşaqlarda daha çox germ hüceyrə şişlərinə rast gəlinir. Uşaq xaya xərçəngləri böyüklərin xaya xərçəngindən fərqlənər və xəstəlik mütləq bir mütəxəssis komandası tərəfindən idarə edilməlidir. (bax-uşaq xaya xərçəngləri)

Salam!